SİYASİ SƏNƏDLƏR ARXİVİNDƏ ANIM TƏDBİRİ KEÇİRİLMİŞDİR
A+   A-

Xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 14 il keçir. Dekabr ayının 11-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində  Binəqədi Rayon İcra Hakimiyyəti, YAP Binəqədi Rayon Təşkilatı, Siyasi Sənədlər Arxivi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı anım tədbiri keçirildi. 

Anım tədbirində Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin məsul işçiləri, rayon fəalları və ictimaiyyətin nümayəndələri iştirak edirdi.

Anım tədbirinin iştirakçıları Arxivin foyesində yenilənmiş stendlərdə nadir arxiv sənədləri, qədim nəşrlər və ulu öndərin şəxsi kitabxanasından hədiyyə olan kitablar əsasında tərtib edilmiş sərgi ilə tanış olduqdan sonra ümummilli liderin keçdiyi şərəfli həyat yolunu əks etdirən filmə baxdılar.

Anım tədbirində ilk çıxış edən Siyasi Sənədlər Arxivinin direktor müavini – direktor vəzifəsini icra edən Elmira Ələkbərova ümummilli liderin əziz xatirəsini yad etmək üçün bir dəqiqəlik sükut elan etdi. Sonra o, Azərbaycan xalqının ictimai-siyasi və milli-mənəvi həyatında Heydər Əliyev dühasının əvəzsiz rolunu xüsusi vurğulayaraq bildirdi ki, Respublikamızın bütün sahələrində, arxiv işinin formalaşmasında, onun müasir tələblərə uyğun səviyyəsində qurulmasında da Ulu öndərin xidmətlərindən danışdı. Ulu öndər Heydər Əliyev rəhbər vəzifəyə seçiləndən cəmi 2 həftə sonra – yəni 29 iyul 1969-cu ildə Azərbaycan Kommunist partiyasının Mərkəzi komitəsi Katibliyinin ilk iclasında imzaladığı 46 №-li protokolunun 10-cu bəndinə əsasən bu binanın tikilməsi üçün qərar verilmiş və arxiv binası xüsusi layihə əsasında inşa olunmuşdur. Arxivin möhtəşəm binası sözün həqiqi mənasında Heydər Əliyevin yadigarıdır.

Elmira Ələkbərova onu da qeyd etdi ki, tarixi keçmişimizin həqiqətlərini özündə əks etdirən, qaranlıq səhifələrə işıq salacaq sənədlərin qorunub-saxlayaraq gələcək nəsillərə çatdırmasının zəruriliyini ön plana çəkməsi onun böyük uzaqgörənliyinin nəticəsidir.

E. Ələkbərova öz çıxışında böyük fəxr hissi ilə bildirdi ki, 1982-ci ilin oktyabrın 26-da Siyasi Sənədlər Arxivinin (o zamankı Partiya Tarixi İnstitutunun) yubiley tədbirində Heydər Əliyev şəxsən iştirak etmişdir və SSRİ Ali Soveti Rəyasət Heyəti tərəfindən İnstitutun təltif olunduğu “Qırmızı Əmək Bayrağı” ordenini bayrağa sancmışdır. Məruzəçi onu da bildirdi ki, bu zalda, bu tribuna arxasında çıxış etmək çox şərəfi və qürurvericidir, qürurverici olduğu qədər də məsuliyyətlidir, çünki Ulu öndər əyləşdiyimiz bu zalda, bu tribunadan arxiv işçilərinin əməyinə yüksək qiymət verərək söyləmişdir: “... Azərbaycan arxivlərini toplayan və mühafizə edən, tarix elmimizin təməlini qoyan, onun misilsiz sənədlərini sətir-sətir toplayıb, gələcək nəsillər üçün saxlayan sadə, təvazökar insanlara böyük ehtiramımızı səmimi minnətdarlıq hissilə ifadə edirik.” (“Kommunist” qəz., 28 oktyabr, 1982, № 249). Bu səmimi sözlər biz arxiv işçilərini Ulu öndərin ideyalarını və nəsihətlərini  öz işimizlə doğrultmağa çalışırıq.

Anım tədbirində iştirak edən Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov Ulu Öndərin kitaba olan sevgisindən, Milli Kitabxanaya və kitabxana işinə diqqətindən söz açdı.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva isə ümummilli liderin şərəfli ömür yolundan, siyasi, iqtisadi, ictimai həyatın bütün sahələrində gördüyü işlərdən, əldə olunan nailiyyətlərdən bəhs etdi, vurğuladı ki, hazırda bu işlər möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə uğurla davam olunur.

Tədbirdəki çıxışlarda Azərbaycan xalqının əbədiyaşar liderinin müdrikliyi, zəngin siyasi və dövlətçilik təcrübəsi sayəsində qazanılan uğurlar minnətdarlıq hissi ilə xatırladıldı, dahi Azərbaycanlının əziz xatirəsinə ehtiramlar ifadə olundu.

Anım tədbiri Bakı Humanitar Kolleci və 26 nömrəli musiqi məktəbi kollektivinin hazırladığı “Ulu öndər” adlı bədii kompozisiya ilə davam etdirildi; Ulu öndərin çox sevdiyi “Alagöz” mahnısı İlkin Əhmədovun və “Dünya” mahnısı Niyaməddin Musayevin ifasında səsləndi. Tədbirin sonunda Binəqədi rayon sakini Rəsul Babayevin ifasında ürəkləri titrədən Ulu öndərə ithaf olunmuş “Sən elə bir zirvəsən” şeri ilə yekunlaşdı.

   1198 dəfə baxılıb