14 İYUL 1969 – MİLLİ DİRÇƏLİŞİN TƏMƏL TARİXİ
A+   A-

İyulun 13-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi sənədlər Arxivində Binəqədi Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi sənədlər Arxivi və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı ilə birgə Azərbaycan xalqının Ümummili lideri Heydər Əliyevin 14 iyul 1969-cu ildə Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 49-cu ildönümünə həsr edilmiş “Milli dirçəlişin təməl tarixi” adlı tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi sənədlər Arxivinin direktoru Elmira Ələkbərova, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri  Adilə Abbasova, Milli Məclisin deputatları – professor Fəzail İbrahimli, Pərvin Kərimzadə, Kamaləddin Qafarov, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri  Səqadət Vəliyeva, YAP Binəqədi Rayon Təşkilatının gəncləri, Binəqədi RİH-də təcrübə keçən ASAN könüllüləri, KİV təmsilçiləri, Arxivin və Binəqədi RİH-in əməkdaşları iştirak etdilər. 

Tədbirdən öncə iştirakçılara Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi sənədlər Arxivində saxlanılan, 1969-1982-ci illəri əhatə edən sənədlərdən ibarət sərgi nümayiş olundu. Həmçinin qonaqlara “Azadlığa inamı xalqa sən bağışladın”, “Millətimin imzası var imzaların içində”, “Ailə milli-mənəvi dəyərlərin daşıyıcısıdır”, “Heydər Əliyev və gənclər strategiyası”, “Heydər Əliyev və neft strategiyası” adlı stendlərin şərhini verən Arxiv bələdçiləri ulu öndərin Azərbaycana rəhbərliyi illərində əldə olunmuş uğur və nailiyyətlərə, o dövrün əsas hadisələrinə qısa ekskurs etdilər.

Daha sonra qonaqlar Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi sənədlər Arxivi binasında ulu öndər Heydər Əliyevin büstü önünə gül qoydular.

Tədbiri açıq elan edən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi sənədlər Arxivinin direktoru Elmira Ələkbərova Heydər Əliyevin Azərbaycan xalqını müstəqilliyə, milli dirçəlişə aparan yolun təməlini qoyduğunu qeyd etdi və bildirdi ki, məhz Ümummilli liderin coşqun siyasi fəaliyyəti və parlaq zəkası sayəsində Azərbaycanın inkişaf konsepsiyası yaradılmışdır.

“1969-1982-ci illər Azərbaycan xalqının tarixinə parlaq quruculuq illəri kimi daxil oldu. 1978-ci ildə ilk dəfə Heydər Əliyevin qətiyyətli siyasəti nəticəsində Azərbaycan dili dövlət dili kimi öz hüquqi qüvvəsini tapdı. Azərbaycanın gələcək müstəqilliyini düşünən ulu öndər gənclərimizin SSRİ-nin nüfuzlu ali təhsil müəssisələrində oxumaları üçün şərait yaratdı. O dövrdə yüksək ixtisaslı kadr kimi yetişən gənclər bu gün müstəqil Azərbaycanın qüdrətlənməsinə, daha da güclənməsinə xidmət edirlər.

Sovet hakimiyyəti illərində,  azərbaycanlıların sırf milli zəmində hərbi kadr hazırlığına buraxılmadığı zamanlarda Heydər Əliyev Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Ali Məktəbin yaradılması təşəbbüsünün üzərində israr edərək, öz cəsarət, qətiyyət və iradəsi hesabına buna nail oldu”.

Çıxışının sonunda Heydər Əliyevin 1969-1882-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə də, 1993-2003-cü illərdə ölkə Prezidenti olarkən də ölkənin, xalqın taleyində möhtəşəm işlər görüldüyünü, silinməz izlər qoyulduğunu bir daha vurğulayan E.Ələkbərova qeyd etdi ki, hazırda ulu öndərin daxili və xarici siyasəti, iqtisadi plan və proqramları Heydər Əliyev məktəbinin layiqli yetirməsi, xalqın ətrafında sıx birləşdiyi Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və ölkəmizi sürətlə irəli, işıqlı sabahlara doğru aparır.

Siyasi sənədlər Arxivinin Elmi araşdırmalar və elmi kitabxana şöbəsinin müdiri, tarix elmləri doktoru Lalə Hüseynova ulu öndərin Azərbaycana rəhbərliyinin hər iki mərhələsində xalqa, dövlətə qazandırdığı uğurlardan bəhs etdi və Azərbaycana yalnız baş ucalığı gətirmiş bu dahi şəxsiyyətin Azərbaycanı müasir inkişaf yoluna çıxarmağa, ölkə iqtisadiyyatının hərtərəfli inkişafına nail olduğunu vurğuladı.

Tədbirdə Milli Məclisin deputatları Fəzail İbrahimli, Pərvin Kərimzadə, Kamaləddin Qafarov və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Səqadət Vəliyeva çıxış edərək, ulu öndərin böyük xalq rəğbəti ilə qarşılanan görkəmli dövlət adamı kimi Azərbaycanın tərəqqi yoluna çıxarılması siyasətini özünəməxsus müdrikliklə həyata keçirdiyini qeyd etdilər.

Siyasi sənədlər Arvixinin əməkdaşı  Nurlanə Muradova “Heydər Əliyev və gənclər siyasəti” mövzusunda məruzə ilə çıxış etdi. N.Muradova öz məruzəsində Ümummilli liderin həyata keçirdiyi siyasi kursun əsas prioritet istiqamətlərindən birinin gənclərlə bağlı olduğunu, Heydər Əliyevin kadr siyasətinin həyata keçirilməsində gənclərə xüsusi önəm verdiyini vurğuladı.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı  Elxan Allahverdiyev böyük siyasətçi Heydər Əliyevin Azərbaycan rəhbərliyinə çətin və mürəkkəb bir şəraitdə, sosial-iqtisadi həyatın tənəzzül dövründə gəldiyini, məhz Heydər Əliyevin gərgin əməyi nəticəsində ölkədə güclü iqtisadiyyatın təməlinin qoyulduğunu, cəmiyyətin bütün sahələrində sürətli yüksəliş meydana gəldiyini bildirdi. Natiq çıxışının sonunda qeyd etdi ki, ölkəmiz Heydər Əliyev yolu ilə tərəqqiyə doğru addımlayır, müxtəlif beynəlxalq tədbirlərin, idman yarışlarının, mahnı müsabiqələrinin keçirilməsinə rəhbərlik edir, Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz bizlərə qələbə sevincləri yaşadır.

Daha sonra Ümummili liderin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olundu.

Tədbir bədii hissə ilə davam etdirildi.

   435 dəfə baxılıb