27 SENTYABR 2020-Cİ İL — ŞANLI ZƏFƏRƏ APARAN YOL

Biz beynəlxalq hüquq praktikasında və bölgəmizdə yeni reallıq yaratdıq.

Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdik.

Biz ərazi bütövlüyümüzü bərpa etdik.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

 

XIX əsrin birinci otuzilliyində Türkmənçay və Ədirnə müqavilələri bağlandıqdan sonra Rusiya imperiyası orta əsrlərdən vətən axtarışında olan erməniləri İrandan və Osmanlı imperiyasından Azərbaycan torpaqlarına kütləvi şəkildə köçürmüş və 120 min erməni Azərbaycan ərazisində — İrəvan, Naxçıvan, Qarabağ torpaqlarında yerləşdirilmişdi. “Böyük Ermənistan” əfsanəsinin ana xətti ilə uzlaşan bu demoqrafik proseslər nəticəsində ölkə əhalisinin etno-konfessional tərkibində pərakəndə ermənilərin çəki yükü artmış, XX əsrin əvvəllərindən başlayaraq onlar Azərbaycan torpaqlarına qarşı əsassız iddialar ilə çıxış etməyə başlamış, erməni terroru Qafqazda və ilk növbədə Azərbaycan torpaqlarında tüğyan etmişdi. Təlatümlü Qafqazı qeyri-sabit duruma gətirən erməni terrorunu dayandırmaq məqsədi ilə Qafqaz canişini İ.İ. Vorontsov-Daşkov 1906-cı ilin fevralında Tiflisdə müşavirə çağırmaq məcburiyyətində qalmış, müşavirə "Daşnaksutyun" partiyasının terrorçu fəaliyyətini pisləyən qətnamə qəbul etmiş və bu partiyanı terrorçu təşkilat elan etmişdir. Lakin ermənilik öz məkrli siyasətindən əl çəkməmişdir.

Romanovlar Rusiyasının süqutundan sonra 1918-ci ilin mayında Cənubi Qafqazda üç müstəqil dövlət yarandı: Gürcüstan Demokratik Respublikası, Azərbaycan Xalq Cümhuriyyəti və Ermənistan Demokratik Respublikası (Ararat Respublikası) . İrəvan məkanında — Azərbaycanın tarixi torpaqlarında qurulan Ararat Respublikası tarixən ermənilərə aid olmayan ərazidə "dənizdən dənizə böyük Ermənistan" qurmağa çalışır, məqsədə çatmaq üçün nəinki mübahisəli ərazi məsələlərini dərinləşdirir, eyni zamanda XIX əsrdə Qarabağda məskunlaşan erməniləri separatçılığa təhrik edirdi. Bu məkrli siyasətin təsiri ilə Qarabağın erməni separatçıları bolşeviklərin milli məsələnin həlli üçün irəli sürdükləri "millətlərin öz müqəddəratını təyinetmə hüququ" şüarına söykənərək 1918-ci il iyulun 22-də I Kəndli qurultayında Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökumətini tanımadıqlarını bildirir və özlərinin separatçı inzibati vahidini — Qarabağ Milli Erməni Şurasını elan edirlər. Bu şura Dağlıq Qarabağa öz müqəddəratını təyinetmə hüququ verilməsi tələbi ilə çıxış edir və Azərbaycan tarixinə “Dağlıq Qarabağ” problemini gətirir. Bu uydurulmuş problemin mahiyyəti Azərbaycan tarixini saxtalaşdırmaq, məqsəd isə torpaqlarımızı ələ keçirmək idi. Azərbaycanın ərazi bütövlüyünü qorumaq uğrunda davamlı mübarizə aparan AXC erməni separatçılarının əsassız ərazi iddialarının qarşısını alsa da aprel çevrilişindən (27 aprel 1920) sonra erməni millətçiləri məkrli siyasətlərini davam etdirir və 1920-ci il dekabrın 1-də Zəngəzuru ələ keçirirlər. Lakin Zəngəzurla kifayətlənməyən erməni millətçiləri Qarabağın dağlıq hissəsinə qarşı apardıqları ərazi iddialarından əl çəkməyib, bolşeviklərin dəstəyi ilə 1923-cü il iyulun 7-də Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) elan edilməsinə nail olurlar. Beləliklə, Qarabağ süni şəkildə dağlıq və aran hissələrə bölünür və erməni əhalisinin bu məkanda cəmlənməsi üçün əlverişli şərait yaradılır. Öz mənfur niyyətlərinə çatmaq məqsədi ilə erməni millətçiləri tarixin sonrakı mərhələlərində də davamlı şəkildə Azərbaycanın tarixi ərazisi olan Qarabağ torpaqlarına əsassız ərazi iddialarla çıxış edir və İkinci dünya müharibəsinin sonlarında aktiv fəaliyyətə keçirlər. Bu dövrdə SSRİ rəhbərliyinin Türkiyə ilə qarşıdurma siyasətinə keçməsindən istifadə edən Ermənistan KP MK-nin birinci katibi Q. Arutyünov 1945-ci ilin payızında ÜİK(b)P MK qarşısında Azərbaycan torpaqlarının bir hissəsinin – Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Ermənistan SSR-ə birləşdirilməsi haqqında məsələ qaldırır və ÜİK(b)P MK baş katibi İ. Stalinə ünvanladığı məktubunda irəli sürdüyü iddianı dil məsələsi ilə əsaslandırıb, DQMV-də yaşayan ermənilərin təhsilinin gələcək inkişafını Ermənistan SSR-nə bağlayır. Moskva bu məsələyə dərhal münasibət bildirir və ÜİK(b)P MK katibi K. M. Malenkov Azərbaycan K(b) MK-nın birinci katibi Mircəfər Bağırova yazdığı 28 noyabr 1945-ci il tarixli məktubunda ermənilərin ərazi iddiası istəyini bildirir (ARP İİ SSA. F.1, siy.31, sax. vah.186 а, v.2.).  M. Bağırov öz növbəsində K. M. Malenkova 10 dekabr 1945-ci il tarixli cavab məktubunda Ermənistan SSR rəhbərliyinin Dağlıq Qarabağla bağlı irəli sürdüyü iddiaların heç bir elmi, tarixi əsası olmadığıni göstərir və onu da qeyd edir ki, əhalisinin əksəriyyətini Azərbaycan türkləri təşkil edən Şuşa istisna olmaqla, Dağlıq Qarabağ vilayəti o halda Ermənistan SSR-ə verilə bilər ki, əhalisinin əksəriyyətini Azərbaycan türkləri təşkil edən Ermənistan SSR-in Əzizbəyov, Vedi və Qarabağlar rayonları bütövlüklə Azərbaycan SSR-ə qaytarılsın.( ARP İİ SSA. F.1, siy.330, sax. vah.98, vv. 46,48, 50.) Bu təklifə nə mərkəzi hakimiyyət, nə də Ermənistan SSR rəhbərliyi razı olur, çünki bu halda tarixi Azərbaycan torpaqları hesabına yaradılmış qondarma “erməni dövləti” avtomatik olaraq ləğv edilirdi. Lakin erməni millətçiləri mənfur niyyətlərindən əl çəkmir və 1966-cı ilin sentyabrında Ermənistan KP MK-nın katibi A.Koçinyan və Ermənistan Nazirlər Sovetinin sədri B.Muradyan Sov. İKP MK-ya yazdığı məktubda DQMV-nin Ermənistan SSR-ə verilməsinin vacibliyini bildirirlər. Erməniliyin Azərbaycanın ərazi bütövlüyünə qarşı əsassız ərazi iddiaları sonrakı illərdə də davam edir və 1977-ci ilin noyabrında Ermənistan SSR öz zəhmətkeşlərinin arzusunu nəzərə alaraq, SSRİ Nazirlər Sovetinə ünvanlandığı müraciətdə DQMV-nin Ermənistan SSR-ə birləşməsi məsələsini qaldırır.

Uydurma “Dağlıq Qarabağ” probleminin növbəti aktiv fazası yenidənqurma dövründə başlayır. Tiflis şəhərində doğulan, heç vaxt Ermənistan SSR-də yaşamayan, erməni dilində danışmayan akademik A. Aqanbekyanın 1987-ci il noyabrın 18-də Fransanın “Yumanite” qəzetinə erməni millətçiliyi ruhunda verdiyi müsahibə ( ARP İİ SSA. F.11158, siy.1, sax.vah.42, v.1.) və 1985-ci ildə Afinada keçirilən “Daşnaksutyun” partiyasının XXIII qurultayının təsdiq etdiyi siyasi platforması Azərbaycan torpaqlarına susamış erməni separatçıları üçün bir çağırış oldu və onlar1988-ci ilin əvvəllərində Azərbaycanın ərazi bütövlüyünə qarşı əsassız iddialarını həyata keçirmək üçün açıq separat fəaliyyətə başlayırlar. “Böyük Ermənistan” əfsanəsi ilə beyinləri zəhərlənmiş erməni millətçiləri 1988-ci il fevralın 20-də Xankəndində DQMV-nin Xalq deputatları Sovetinin XX çağırış növbədənkənar sessiyasını keçirir və “DQMV-nin Azərbaycan SSR-dən Ermənistan SSR-ə verilməsinin Azərbaycan SSR və Ermənistan SSR Ali Sovetləri qarşısında vəsadət qaldırılması” məsələsini müzakirə edirlər. Müzakirə nəticəsində qəbul edilən qərarda göstərilir ki, DQMV-nin Xalq deputatları Sovetinin XX çağırış növbədənkənar sessiyası DQMV-nin zəhmətkeşlərinin (yəni ermənilərin-red.) arzularını nəzərə alıb, Azərbaycan SSR və Ermənistan SSR Ali Sovetlərindən xahiş edir ki, Dağlıq Qarabağın erməni əhalisinin ümidlərinə anlamlı yanaşmalı və SSRİ Ali Soveti qarşısında DQMV-nin Azərbaycan SSR-dən alıb Ermənistan SSR-ə verilməsi məsələsinin müsbət həlli üçün vəsadət qaldırmalıdırlar. Bu antikonstitusion qərarla razılaşmayan Azərbaycan xalqı erməni millətçiliyinə qarşı inadlı mübarizəyə qalxdı. Ölkənin bir çox şəhər və bölgələrində başlayan etiraz mitinqləri DQMV-ni ələ keçirmək istəyən, Azərbaycanın ərazi bütövlüyünə qarşı əsassız iddialarla çıxış edən erməni separatçılarının planlarını pozdu. 1988-ci il iyulun 18-də SSRİ Ali Soveti Rəyasət heyətinin iclası DQMV haqqında məsələni müzakirə edərək respublikalar arasında sərhədlərin dəyişdirilməsinin yolverilməzliyi haqqında qərar qəbul etsə də, bu sənəd erməni ekstremizmini dayandırmadı. Artıq qəbul edilmiş bu qərardan sonra erməni radikalları məkrli niyyətlərini gizlətmir, qondarma “Dağlıq Qarabağ” probleminin ideya müəlliflərinin İrəvanla bağlılığını göstərir, erməni millətçiliyinin mahiyyətini pərdələmir və İrəvan torpaqlarında açıq şəkildə etnik təmizləmə siyasəti aparırlar. Nəticədə 1988-ci ilin payızında Ermənistan SSR-dən 200 mindən çox azərbaycanlı öz tarixi dədə-baba torpaqlarından qovulur. Lakin ermənilik Azərbaycana qarşı ərazi iddialarından əl çəkmir və 1991-ci il sentyabrın 2-də erməni millətçiləri DQMV və Azərbaycan SSR-in Şaumyan (kənd) rayonu hüdudlarında tanınmamış separatçı qurumu – qondarma “Dağlıq Qarabağ Respublikası” (DQR) elan edərək “Dağlıq Qarabağ” problemini dərinləşdirir və SSRİ dağıldıqdan sonra bu problemi yeni mərhələyə – silahlı münaqişəyə keçirir. 1992-1994-cü illərdə gedən Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasının yeddi inzibati rayonu - Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilir. Erməni işğalını dayandırmaq məqsədi ilə BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasını nəzərdə tutan 4 qətnamə qəbul edir.

Bişkek Protokolu imzalandıqdan sonra başlanmış sülh danışıqları göstərdi ki, diplomatik müstəvidə bu münaqişə öz həllini tapa bilmir. Belə ki, danışıqlar masasında qeyri-konstruktiv mövqeyini dəfələrlə nümayiş etdirən Ermənistan tərəfi bu münaqişənin həllində maraqlı olmadığını nümayiş etdirirdi. Xüsusən, rəngli inqilab nəticəsində hakimiyyətə gələn Nikol Paşinyan bu sülh danışıqlarını çıxılmaz bir vəziyyətə saldı. N.Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərinə ardıcıl qanunsuz səfərləri, Şuşada rəqs etməsi, "Qarabağ Ermənistandır və nöqtə" kimi populist ifadəsi sülh danışıqlarını perspektivsiz etdi. Eyni zamanda Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq nəinki cəbhə xəttində, hətta Azərbaycan-Ermənistan sərhəddində də fasiləsiz olaraq təxribatlar törədirdilər. Azərbaycan Respublikasının ərazi bütövlüyünü qorumaq və Ermənistanın növbəti təxribatının qarşısını almaq məqsədi ilə 27 sentyabr 2020-ci il tarixində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu bütün cəbhəboyu antiterror əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi Azərbaycan xalqının Qələbəsi ilə başa çatdı. Azərbaycan Ordusunun sarsıdıcı zərbələri qarşısında əzilən işğalçı ölkənin cinayətkar ordusunun müdafiə səddi qısa zaman ərzində yarıldı.

“Dəmir Yumruq” adı altında keçirilən hərbi əməliyyat nəticəsində müzəffər Azərbaycan Ordusu Vətən müharibəsi dövründə 5 şəhər: 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Qarabağın ürəyi – qədim Şuşa şəhərini və ümumilikdə 300-dən çox yaşayış məntəqəsini işğaldan azad etdi. Qarabağın incisi olan Şuşa şəhərini erməni faşistlərindən azad edərkən Azərbaycan Ordusunun igid döyüşçüləri sıldırım qayalardan çıxıb, düşmənlə əlbəyaxa döyüşə girərək, misilsiz qəhrəmanlıq göstərib elə bir zəfər salnaməsi yazdılar ki, bu döyüş müasir hərb tarixini öyrənən xarici ölkələrin hərbi təhsil və hərbi-tədqiqat müəssisələrinin araşdırma obyektinə çevrildi.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu 44 gün davam edən müharibənin gedişində möhtəşəm qələbələr qazanaraq dünya hərb tarixinə yeni şanlı səhifələr yazdı və qəsbkar dövlətin hərbi-siyasi rəhbərliyini ölkəsinin məğlubiyyətini rəsmiləşdirən 10 noyabr tarixli Azərbaycan – Ermənistan – Rusiya bəyanatını imzalamağa məcbur etdi. Bu tarixi sənəd beynəlxalq ictimaiyyətə belə bir həqiqəti göstərdi ki, Azərbaycan dövləti BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın müddətdə kağız üzərində qalan qətnamələrinin icrasına öz iradəsi və gücü ilə nail oldu. İşğalçı Ermənistan ordusu üzərində qələbə qazanan rəşadətli Azərbaycan Ordusu 44 günlük müharibədə 2907 şəhid verdi. “Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir”, - deyən şəhidlərimiz Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçdilər. Onların əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq!

 2020-ci il oktyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində demişdir: “Azərbaycan xalqını qürurlu xalq kimi, cəsarətli xalq kimi, yenilməz xalq kimi təsdiqləmişik. Heç bir təzyiq bizə təsir edə bilməz. Heç bir hədə-qorxu bizi yolumuzdan döndərə bilməz. Çünki haqq yolundayıq, yumruq kimi birik. Bu birlik əbədidir və əbədi olacaq! Əziz həmvətənlər, mən hələ müharibənin ilk günlərində sizə söz vermişdim ki, biz düşməni torpaqlarımızdan qovacağıq, sona qədər qovacağıq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Şanlı Zəfərə aparan Vətən müharibəsinin başlanmasından 1 il sonra 2021-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa bu sözlərlə müraciət etmişdir: “Əziz həmvətənlər, Anım Günündə bütün şəhidlərimizin xatirəsi qarşısında, Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin ruhu qarşısında bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirəm. Onların yaxınlarına, qohumlarına deyirəm ki, mən demişdim, onların qanı yerdə qalmayacaq və qalmadı. Biz onların qanını aldıq! Mən demişdim ki, biz onların qisasını döyüş meydanında alacağıq, belə də oldu. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib”.