SİYASİ SƏNƏDLƏR ARXİVİ YUBİLEY ƏRƏFƏSİNDƏ

1920-ci il dekabrın 6-da Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanov tərəfindən imzalanmış dekretə əsasən Azərbaycanda vahid Dövlət arxiv fondu yaradılmış və onun idarəçiliyi Xalq Maarif Komissarlığı tərkibində fəaliyyət göstərən Mərkəzi Dövlət Arxivinə verilmişdir (bax: Koммунист,15 декабря, 1920 г.). Bu dekret aprel çevrilişindən (27 aprel 1920) sonra sovet Azərbaycanında fəaliyyətə başlamış Azərbaycan İnqilab Komitəsinin ən mütərəqqi sənədlərindən olub, tarixdə yaddaqalan iz buraxmışdır. Arxiv təcrübəsi və arxiv fəaliyyətinə malik olmayan bir ölkədə tarixi yaddaş anlayışının formalaşması məhz həmin dekretlə bağlı olmuşdur. Fəaliyyətinin 100 illik yubileyi ərəfəsi dövrünü yaşayan və xalqımızın tarixi yaddaşının daşıyıcısılarından olan Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi sənədlər Arxivi (ARP İİ SSA) 100 illik bir xronoloji çərçivədə, XIX əsrin sonu - XX əsrin 90-cı illərinədək, Azərbaycanda və Cənubi Qafqaz meqaregionunda cərəyan edən sosial-siyasi prosesləri göstərən qiymətli sənədləri mühafizə edir.

 ARP İİ SSA-nın ön tarixi 1921-ci ilin yayından başlanmış, avqustun 29-da Azərbaycan Kommunist Partiyası tarixinə dair materialların toplanması üzrə komissiya təşkil olunmuşdur (bax: ARP II SSA. F.1. siy.2, sax.vah.15, vv.3,3arxa). Bu komissiyanın tərkibi AK(b)P MK-nın 26 dekabr 1921-ci il tarixində keçirilən siyasi-təşkilat büro iclasında müəyyənləşdirilmiş və komissiyaya Jqent, Sultanov, Vatsek, Blyaxin, Ordubadi və Məmməd Səid daxil edilmişdilər (bax: ARP II SSA. F.1, siy.2, sax.vah.18, v.196). AK(b)P MK Katibliyinin 8 may 1922-ci il tarixli iclasının qərarına görə Azistpartda (Azərbaycan Partiyasının tarixi) fəaliyyət göstərən komissiyanın tərkibi dəyişmiş və komissiyaya Çagin, R.Axundov, Blyaxin, Jqent və Timofeyeva daxil edilmişdilər (bax: ARP II SSA. F.276, siy.4, sax.vah.1, v.74.).Təşkil olunmuş Azistpartın əsas fəaliyyət istiqaməti 1923-cü il fevralın əvvəllərindən müəyyənləşdirilmişdir. Hazırlanmış proqram üzrə Azistpart 1918-ci ildən etibarən ölkədə baş verən sosial-siyasi prosesləri işıqlandıran sənədləri toplamalı, onları işləməlı və mühafizə etməli idi (bax: ARP II SSA. F.276, siy.4, sax.vah.2, v.56).

Arxivin adı bir neçə dəfə dəyişdirilmiş və qurum müxtəlif illərdə fərqli adlar altında fəaliyyət göstərmişdir. Arxiv 1928-ci ilə qədər Azistpart, 1929-cu ilə qədər Azərbaycan Kommunist Partiyasının sinfi mübarizəsinin öyrənilməsi İnstitutu,1956-cı ilə qədər  AKP MK yanında Marksizm-Leninizm İnstitutunun Azərbaycan filialı adı ilə fəaliyyət göstərmişdir. SSRİ-nin dağılması ərəfəsində, 1991–ci il sentyabrın ortalarında, Azərbaycan Kommunist Partiyasının ləğvi ilə əlaqədar olaraq, Sov. İKP MK yanında Marksizm-Leninizm İnstitutunun Azərbaycan filialının tərkib hissəsi olan  Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Tarixi-Siyasi Tədqiqat İnstitutunun Partiya Arxivi və onun əsaslı kitabxanası öz fəaliyyətini dayandırmış və 1991-cin ilin sonlarında qurum Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin tabeliyinə verilmişdir. Arxivin adı 1991-ci ilin dekabrında dəyişdirilərək, Azərbaycan Respublikası Dövlət Siyasi Partiyalar və İctimai Hərəkatlar Mərkəzi Arxivi adlandırılılmış, 1994-cü ildən 2007-ci il iyunun 6-dək Dövlət Siyasi Partiyalar və İctimai Hərəkatlar Arxivi adı ilə fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 6 iyun 2007-ci il tarixli 2247 saylı Sərəncamı ilə Siyasi Partiyalar və İctimai Hərəkatlar Dövlət Arxivi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyinə verilmiş və Siyasi Partiyalar və İctimai Hərəkatlar Dövlət Arxivi adı ilə fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 22 iyul 2009-cu il tarixli 404 saylı sərəncamı ilə qurum Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi sənədlər Arxivi adlandırılımışdır.

Arxiv fəaliyyət göstərdiyi illər dövründə öz fondlarını çox qiymətli sənədlərlə zənginləşdirmiş, dövrün tələbinə uyğun araşdırma işləri aparmışdır. Çoxsaylı fondlarda mühafizə olunan tarixi sənədlər və faktiki materiallar Arxivin xronoloji çərçivəsinin ilkin qatlarında, XIX əsrin sonu - XX əsrin əvvəllərində, bölgədə cərəyan edən sosial-siyasi prosesləri göstərir. Bu dövrə aid Cənubi Qafqaz quberniyalarının və Qafqaz canişinliyinin ayrı-ayrı şöbələrinin və idarələrinin hesabatları tədqiqatçıların apardıqları araşdırmalar üçün nadir ilkin mənbələrdəndir.

Arxivdə mühafizə olunan qiymətli sənədlər müasir dövrdə ölkə ictimaiyyəti qarşısında duran bir sıra aktual problemlərin öyrənilməsində, tarixi həqiqətlərin dərk edilməsində əhəmiyyətli və nadir mənbə hesab olunur. Bu sənədlər ölkədə və Cənubi Qafqazda cərəyan edən sosial-siyasi prosesləri, Yaxın və Orta Şərqdə milli-azadlıq hərəkatını, erməni millətçilərinin XX əsrin əvvəllərində ölkədə dinc əhaliyə qarşı törətdikləri soyqırımını, erməni separatçılarının Azərbaycanın ərazi bütövlüyünə qarşı irəli sürdüyü əsassız iddiaları, Azərbaycan Xalq Cümhuriyyəti tarixini, bu dövrdə azərbaycanlıların yaşadığı qaçqınlıq həyatını diqqətə çatdırır.

 ARP İİ SSA-nın fondlarında mühafizə olunan bir çox sənədlər və faktiki materiallar eyni zamanda XX əsrin 20-30-cu illərində Azərbaycan xalqının məruz qaldığı repressiyaları, ölkənin Böyük Vətən müharibəsi illərində Hitler Almaniyası üzərində qələbədə danılmaz rolunu, erməni riyakarlığını, Azərbaycan türklərinin 1948-1953-cü illərdə Ermənistan SSR-dən deportasiyasını, Ümummilli lider Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərlik etdiyi şanlı quruculuq dövrünü (1969-1982) əks etdirir.

Arxivdə qorunan qiymətli sənədlər qondarma “Dağlıq Qarabağ” probleminin tarixi köklərinin öyrənilib beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında və erməni məkrinin ifşa edilməsində xüsusi əhəmiyyət kəsb edən dəyərli bir mənbə olub, tədqiqatçıların apardıqları araşdırmaların faktoloji bazasını təşkil edir. Bu sənədlər tarixi həqiqətlərin daşıyıcısı olub, Azərbaycan həqiqətlərini göstərir.