QURUCULUQ SALNAMƏSİ: BAŞLANĞIC…
A+   A-

QURUCULUQ SALNAMƏSİ:  BAŞLANĞIC…

Müasir Azərbaycan tarixi dedikdə, ilk olaraq göz önündə öz vətəninə və millətinə sədaqətlə xidmət etmiş fenomenal tarixi şəxsiyyət, ulu öndər Heydər Əliyev canlanır. Ötən əsrin son otuz ili və XXI əsrin əvvəllərində - iki fərqli ictimai-siyasi quruluşda Azərbaycana rəhbərlik etmiş Heydər Əliyev hakimiyyətdə olduğu hər iki dövrdə Azərbaycanın milli mənafeyi, siyasi, iqtisadi və mədəni yüksəlişi uğrunda var gücüylə çalışmış, Azərbaycanı bütün dünyaya tanıtmışdır.

Azərbaycan Kommunist Partiyasının 1969-cu il 14 iyul tarixli plenumunda Azərbaycan tarixində taleyüklü bir qərar qəbul olunur: 46 yaşlı Heydər Əliyev AKP MK-nın birinci katibi vəzifəsinə seçilir. Elə həmin iclasda Heydər Əliyev birinci katib kimi ilk olaraq bunları deyir:

“Mənə yenicə tapşırılan bu vəzifənin bütün məsuliyyətini dərk edirəm. Qarşıma qoyulan öhdəliklərin çətinliyini, ağırlığını anlayıram və var qüvvəmlə çalışacağam ki, mənə göstərilən etimadı doğruldum. Bu işlərin öhdəsindən layiqincə gəlməkçün ilk olaraq Azərbaycan KP MK-nın bütün heyətinin, büro üzvlərinin, partiya, sovet və təsərrüfata rəhbərlik edən bütün işçilərin və xalqın köməyinə ümid bağlayıram. Mənə elə gəlir ki, bizim gələcək uğurlarımızın rəhni yalnız aktiv, birgə zəhmət ola bilər”.

Heydər Əliyev Azərbaycan Kommunist Partiyası MK-nın birinci katibi seçilən vaxt respublikada dərin iqtisadi böhran hökm sürürdü. Azərbaycan bir çox sahələrdə ümumittifaq göstəricilərindən geridə qalırdı. Neft sənayesi, energetika, qara metallurgiya, kimya və neft kimyası sənayesində işlərin fasiləsiz aparılması pozulmuş, bir çox sahələrin texniki-iqtisadi göstəriciləri, eləcə də kənd təsərrüfatının istehsal səviyyəsi aşağı düşməkdə davam edirdi. Meliorasiya və dəmyə torpaqların suvarılmasında, kənd təsərrüfatı işlərinin mexanikləşdirilməsində böyük nöqsanlar mövcud idi. Məhz belə bir ağır şəraitdə ölkə rəhbərliyinə gələn Heydər Əliyevin yüksək iş qabiliyyəti və idarəçilik keyfiyyətləri sayəsində Azərbaycan Sovet İttifaqı respublikaları arasında ən sürətlə inkişaf edən ölkəyə çevrilmiş, həmin illərdə Azərbaycanda yüzlərlə yeni sənaye kompleksləri, məişət, mədəniyyət və təhsil obyektləri inşa edilmiş, avtomobil və dəmir yolları çəkilmiş, sosial infrastruktur yaradılmış, kənd təsərrüfatının inkişafında böyük sıçrayış olmuşdur.

1969-cu ildən Azərbaycanın iqtisadi inkişafının əsaslarının yaradılması, zəngin iqtisadi potensialının ölkənin gələcək inkişafına yönəldilməsi və xalqın rifahının yüksəldilməsi prosesinə başlanılır. Dahi siyasət xadiminin 1969-1982-ci illərdə həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində respublika iqtisadiyyatında mühüm struktur dəyişiklikləri aparılır, sənayenin bütün sahələrində inkişafa nail olunur, yeni sənaye sahələri yaradılır, istehsalla bilavasitə bağlı olan elmi-tədqiqat sahələrinin inkişafına diqqət artırılır, mütərəqqi texnologiyaların istehsalata tətbiqi əsasında Azərbaycan sənayesi SSRİ-də qabaqcıl mövqeyə yiyələnir.

Ulu öndər respublikaya rəhbərlik etməyə başladığı ilk günlərdən neft sənayesi sahəsindəki uzun illərdən bəri yığılıb qalmış problemlərin həlli, bu sahədə mövcud olan qüsurların və nöqsanların aradan qaldırılması ilə bağlı kompleks tədbirlərin icrasına start verir və beləliklə, Azərbaycanın neft və qaz sənayesinin, xüsusilə dəniz neftinin hasilatının inkişaf tarixində yeni mərhələ başlayır.

1970-ci ildə “Xəzərdənizneft” İstehsalat Birliyi yaranır və SSRİ Neft Sənayesi Nazirliyi Xəzərdə Azərbaycan neftçilərinin dəniz şəraitində iş aparmaq təcrübəsini nəzərə alaraq Xəzərin bütün sektorlarında geoloji-kəşfiyyat, qazma, işlənmə, istismar və digər işlərin aparılmasını Azərbaycan neftçilərinə həvalə edir. Açılan neft yataqlarında platformaları avadanlıqla təmin etmək üçün Bakıda Dərin Dəniz Özülləri Zavodu inşa olunur.

Həmin illərdə Azərbaycanda Neft emalı sənayesinin yaranmasının 100 illiyi, “Neft Daşları” dəniz yatağının yaranmasının 25 illiyi təntənəli şəkildə qeyd edilir.

Ulu öndərin maşınqayırma sahəsinə xüsusi diqqəti bu sahənin inkişafını daha da sürətləndirir, bu dövrdə Azərbaycanda elektron maşınqayırması, radiosənaye, yüngül və yeyinti sənayesi üçün maşın və avadanlıq istehsalı və digər mütərəqqi istehsal sahələri yaradılır.

Maşınqayırma sənayesi ilə yanaşı, digər sənaye sahələri də sürətlə inkişaf edir. 1975-ci ildə Bakı məişət kondisionerləri zavodu istifadəyə verilir. Bu zavod keçmiş SSRİ-də ən iri zavod idi və ildə 400 min süni iqlim aparatı istehsal edirdi.

1971-ci ildə Yaponiyanın "Nippon Electric İndustry” şirkətinin lisenziyası və avadanlığı bazasında Sumqayıt Kompressorlar Zavodu tikilir və 1972-ci ildə istifadəyə verilir.SSRİ-də ilk dəfə Bakı alüminium prokatı zavodunda külçəsiz prokat texnologiyası tətbiq edilir. Respublikanın boru-prokat zavodlarının işi yenidən qurulur, onun istehsal həcmi xeyli genişlənir. Məhz bu görülən işlər nəticəsində 1971-1972-ci illərdə əmək məhsuldarlığının dəyəri 12,4%, boruların istehsalı isə 9,2% artır.

1969-1982-ci illərdə Heydər Əliyevin həyata keçirdiyi tədbirlər nəticəsində ölkəmiz qabaqcıl kənd təsərrüfatı respublikasına, pambıqçılıq və üzümçülük diyarına çevrilir, kənd təsərrüfatı məhsuldarlığında baş verən uzunmüddətli geriləmə prosesinin qarşısı tam alınır. Belə ki, 1982-ci ildə istehsal olunmuş kənd təsərrüfatının xalis məhsulu 1969-cu ildəkindən 2,6 dəfə çox olur, sahənin milli gəlirdə xüsusi çəkisi isə 7,8 faiz bəndi artır.

  

Bu dövrdə nəqliyyat problemləri də öz həllini tapır, şəhər elektrik nəqliyyatı da sürətlə inkişaf edir. Bu gün paytaxt sakinlərinin və qonaqların geniş istifadə etdikləri Bakı Metropoliteninin də mövcud problemləri ulu öndərin nəzərindən qaçmır. Bakı Metropoliteninin tikintisinin gedişatı və onun vaxtında istismara verilməsi Heydər Əliyevin təşəbbüsü ilə dəfələrlə Mərkəzi Komitənin bürosunda müzakirə edilir. Qəbul olunan qərarların həyata keçirilməsi sayəsində yeni stansiyalar, o cümlədən, “Ulduz”, “Məşədi Əzizbəyov” (indiki “Koroğlu”), “Avrora” (indiki “Qara Qarayev”), “Neftçilər”,  “Nizami” və “Bakmil” stansiyaları istismara verilir, artıq 1982-ci ildə Bakı metropolitenində daşınan sərnişinlərin sayı 1969-cu ilə nisbətən 3,3 dəfə artır.

Bakının inkişafına dair Baş Planın həyata keçirilməsinə şəxsən nəzarət edən Heydər Əliyev şəhərin müxtəlif yerlərində köhnə, sanitar-gigiyena tələblərinə cavab verməyən və kommunal rahatlığı olmayan, təhlükəli və zədələnmiş yaşayış binalarının uçurdulub, yerində müasir binaların tikintisi və şəhər ərazilərinin yaşıllaşdırılması məsələlərinə də çox ciddi diqqət yetirir.

Heydər Əliyevin 1969-cu ildə dövlətin ali rəhbərliyinə gəldikdən sonra kadr siyasətində həyata keçirdiyi tədbirlər milli dövlətçilik baxımından xüsusi əhəmiyyət daşıyır. Ulu öndər yüksək idarəetmə postlarına etnik azərbaycanlıları çəkməklə, milliləşdirmə siyasətini yürüdür, elə hakimiyyətinin ilk dövründən milli kadrlara üstünlük verir. 70-ci illərdən etibarən peşəkar hərbi kadrların hazırlanması məsələsi də Heydər Əliyev tərəfindən əsas vəzifələrdən biri kimi nəzarətə götürülür. Bu mühüm məsələ Heydər Əliyevin milli zəmində hərbi-təşkilati işinin əsas istiqamətlərindən birini təşkil edir. Heydər Əliyevin hakimiyyətə gəlişinin elə ilk illərində kursantları əsasən rusların, ermənilərin və xarici ölkələrdən gələnlər olan Bakı Ali Ümumqoşun Komandirləri Məktəbi və Bakı Ali Hərbi Dənizçilik Məktəbinə qəbul olunanlar arasında azərbaycanlıların sayının artırılması üçün geniş təşkilati işlər aparılır. Ulu öndər öz siyasi biliyi və qətiyyəti ilə  Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinin rəhbərliyinə yüksək rütbəli azərbaycanlı kadrın gətirilməsinə nail olur. Nəhayət, 1971-ci ildə Bakı şəhərindəki 2 saylı 8 illik internat məktəbinin bazasında general Cəmşid Naxçıvanski adına hərbi-internat məktəbi yaradılır.

Həmin illərdə Azərbaycanda bir çox yeni ali təhsil müəssisələri və elm mərkəzləri, o cümlədən İnşaat Mühəndisləri İnstitutu və Elmlər Akademiyasının “Xəzər” Elm Mərkəzi nəzdində yaradılmış Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutu açılır.

1975-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının yaradılmasının 30 illik yubileyi münasibətilə Akademiya “Xalqlar Dostluğu” Ordeni ilə təltif edilir və Ordeni EA-nın bayrağına şəxsən Heydər Əliyev özü sancır.

Dilimizin, ədəbiyyatımızın, mədəniyyətimizin inkişafına böyük qayğı göstərən ulu öndər 1960-cı illərin sonundan başlayaraq, istər Azərbaycan ədəbiyyatının klassikləri, istərsə də yeni dövrün görkəmli şair və yazıçılarının əsərlərinin nəşri, ölkəmizin hüdudlarından kənarda təbliği, yubiley mərasimlərinin keçirilməsi, abidələrinin ucaldılması, xatirələrinin əbədiləşdirilməsi istiqamətində də çox mühüm işlər görür.


1969-1982-ci illərdə ümummilli lider tərəfindən hüquqi dövlət quruculuğu, Azərbaycanın iqtisadi və sosial inkişafı, milli-mənəvi inkişaf istiqamətində görülən işləri özündə əks etdirən minlərlə sənəd Siyasi sənədlər Arxivində mühafizə olunmaqda və çoxsaylı tədqiqatlara cəlb edilməkdədir. Tədqiqatların nəticəsi kimi, Siyasi sənədlər Arxivi tərəfindən ümummilli liderin tükənməz irsinin öyrənilməsində əvəzsiz mənbə olan bir sıra sənədlər toplusu nəşr olunmuşdur.

   

Heydər Əliyevin sarsılmaz iradəsi və qətiyyəti hesabına Azərbaycanın Sovetlər Birliyi tərkibində olduğu dövrdə belə beynəlxalq aləmdə tanınmasını əks etdirən sənədlər 2017-2018-ci illərdə “Azərbaycanın beynəlxalq əlaqələri sənədlərdə (iyul 1969 - noyabr 1982-ci illər)” adlı ikicildli topluda geniş ictimaiyyətə təqdim olunmuş, həmçinin, Heydər Əliyevin elm və təhsilin inkişafı ilə bağlı həyata keçirdiyi çoxşaxəli işlər ulu öndərin anadan olmasının 96-cı ildönümü münasibətilə 2019-cu ildə nəşr olunmuş ikicildli “Azərbaycanda elm və təhsil. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Büro və Katibliyinin qərarları (iyul 1969 – noyabr 1982)” kitabında öz əksini tapmışdır.

Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci dövründə həyata keçirilən quruculuq siyasəti, yaradılmış infrastruktur, yeni sənaye sahələri, bir sözlə Azərbaycanın gələcək inkişafı, tərəqqisi, iqtisadi gücü uğrunda görülən bir sıra genişmiqyaslı işlər haqqında sənədlər isə 2019-2020-ci illərdə nəşr olunmuş dörd cilddən ibarət “Azərbaycanda sənaye, nəqliyyat və rabitə. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Büro və Katibliyinin qərarları (iyul 1969 – noyabr 1982)” toplusunda yer almışdır.

Heydər Əliyevin 1969-1982-ci illərdə gördüyü işlər müstəqil, azad, çiçəklənən Azərbaycan quruculuğu kimi ali bir məqsədin, müqəddəs bir yolun başlanğıcı idi... SSRİ dağıldıqdan sonra ulu öndər bir daha darda olan xalqının yardımına tələsməli, o vaxtkı rəhbərlərin səriştəsizliyi və siyasi savadsızlığı nəticəsində ölkədə yaranmış vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsinin qarşısını almaq yenidən öz xalqına arxa durmalı, onu dərin uçurumun kənarından son anda xilas etməli, iqtisadi və siyasi baxımdan güclü, demokratik qanunlarla idarə olunan, azad və müstəqil Azərbaycan quraraq, onu  çağdaş dünyanın mütərəqqi, nüfuzlu ölkəsinə çevirməli idi. Bunun üçün bu dahi siyasət xadimi illər öncə bünövrəsini qoyduğu quruculuq yolunu sonuna qədər yorulmadan, usanmadan, əzmlə qət etməyə qərarlı idi. Çünki o, xalqını sevən, xalqına dəyər verən bir şəxsiyyət idi, onun bütün həyat qayəsi, həyat amalı əziz xalqını xoşbəxt görmək, doğma Vətənini yüksəltmək  idi...

Bu gün də ulu öndərin həyatını quruculuğuna həsr etdiyi Vətənimizi,  dövlətçiliyimizi, müstəqilliyimizi Heydər Əliyevin yaratdığı milli dövlətçilik konsepsiyası idarəçilik məktəbinin ən istedadlı, ən layiqli nümayəndəsi olan möhtərəm Prezident cənab İlham Əliyev qoruyur, ölkəmizin beynəlxalq aləmdə öz sözünü deməyə qadir olan, siyasi-iqtisadi baxımdan güclü dövlət kimi tanınması yolunda qətiyyətli addımlar atır.

Elmira Ələkbərova

Siyasi Sənədlər Arxivinin direktoru

   348 dəfə baxılıb