“AZƏRBAYCAN HƏQİQƏTLƏRİ YENİ RAKURSDAN” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ NÖVBƏTİ SEMİNAR KEÇİRİLMİŞDİR
A+   A-

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİNİN SİYASİ SƏNƏDLƏR ARXİVİNDƏ “AZƏRBAYCAN HƏQİQƏTLƏRİ YENİ RAKURSDAN” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ

NÖVBƏTİ SEMİNAR KEÇİRİLMİŞDİR

 

26 sentyabr 2019-cu il tarixində Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi sənədlər Arxivində (ARP İİ SSA) “Bakı Dövlət Universitetinin yaranma tarixi” (1919-1941-ci illər) və “XX əsrin 30-40-cı illərində Azərbaycan mədəniyyəti” mövzularında seminar keçirilmişdir. Arxivin direktoru Elmira Ələkbərova seminarı açıq elan edib, auditoriyanın diqqətini Azərbaycan təhsilində xüsusi yer tutan Bakı Dövlət Universitetinin yaranma tarixinə yönəldərək bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti yarandığı ilk gündən xalqın maariflənməsi istiqamətində ciddi addımlar atmış, məktəblərdə təhsilin icbari olması və ana dilində aparılması sahəsində konkret tədbirlər həyata keçirmiş və müsəlman Şərqində ilk Avropa tipli ali məktəb kimi fəaliyyətə başlayan, hazırda Azərbaycan Respublikasının aparıcı ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetini yaratmışdır. Daha sonra natiq qeyd etdi ki, ulu öndər Heydər Əliyev sovet rejiminin qadağalarla dolu bir zamanında Bakı Dövlət Universitetinin 50 illik yubileyinin keçirilməsinə nail olmuş, həmin yubiley tədbirində özü də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olaraq iştirak etmiş və ana dilində nitq söyləmişdir. Çıxışını davam etdirən E.Ələkbərova seminarın ikinci məruzəsinin mövzusuna toxunaraq qeyd etdi ki, XX əsrin 30-40-cı illərində çağdaş Azərbaycan tarixi özünün ağır səhifələrini yaşasa da bu dövrdə Azərbaycan mədəniyyəti və incəsənəti inkişaf etmiş, bu sahədə bir çox yeniliklər və nailiyyətlər əldə edilmişdir. Arxivin direktoru xüsusi olaraq onu da vurğuladı ki, bugünkü seminarda dinləniləcək məruzələr Siyasi sənədlər Arxivində mühafizə olunan nadir sənədlər əsasında hazırlanmış, ümumi olaraq 110 saxlama vahidi araşdırmaya cəlb edilmiş və mövzu ilə bağlı 45 sənəd elmi dövriyyəyə daxil edilmişdir.

Seminarın davamında Elmi araşdırmalar və elmi kitabxana şöbəsinin məsləhətçisi Göhər Namazova “Bakı Dövlət Universitetinin yaranma tarixi (1919-1941-ci illər)” adlı məruzə ilə çıxış etdi və göstərdi ki, Azərbaycan elminin inkişafında mühüm rol oynayan Bakı Dövlət Universiteti 1919-cu il sentyabrın1-də Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti tərəfindən təsis edilmiş, bu dövrdə ölkədə mürəkkəb sosial-siyasi proseslər cərəyan etsə də, Universitetin maddi-texniki bazasının yaradılması və fəaliyyətinin davam etdirilməsi üçün 15 milyon manata yaxın vəsait ayrılmışdı. Məruzəçi qeyd etdi ki, 1922-ci ildə Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) yaradıldıqdan sonra Azərbaycan təhsili mərkəzə tabe etdirildiyindən Universitetin müstəqilliyinə də son qoyulmuş, 1923-cü ildə qəbul edilmiş nizamnaməyə əsasən bu təhsil ocağının Şərq fakültəsi istisna olmaqla, digər fakültələrində bütün məcburi kursların və məşğələlərin rus dilində aparılması haqqında qərar qəbul edilmişdi. G.Namazova auditoriyanın diqqətinə onu da çatdırdı ki, göstərilən arzuolunmaz hallarla yanaşı həmin illərdə bu ali təhsil ocağının elmi və siyasi həyatında ən mühüm hadisələrdən biri onun türkləşdirilməsi məsələsinin irəli sürülməsi olmuşdur. Bu məsələ ilə bağlı 3 aprel 1927-ci il tarixində qəbul edilmiş “AK(b)P MK Rəyasət Heyətinin Azərbaycan Dövlət Universiteti haqqında əməli təklifləri” adlı sənəddə göstəriş verilmişdi (F.1, siy.10, sax. vah. 7, vv. 46-50). 1926-cı ildə Universitetə ilk azərbaycanlı rektor – Tağı Şahbazinin təyin olunması (F.1, siy.9. sax.vah.52, v.277.) bu prosesə müsbət impuls vermişdi. Məruzəçi çıxışının sonunda onu da qeyd etdi ki, Universitetin o dövrdə milli vətənpərvərlik mövqeyində durması bu elm ocağı üçün bir sıra ağır problemlər yaratmış, repressiya illərində bu qurumun professor-müəllim heyəti böyük itkilər vermişdir.

Arxiv fondunun uçotu, mühafizəsi və arxiv fondunun istifadəsi şöbəsinin məsləhətçisi Məcid Tahirov “XX əsrin 30-40-cı illərində Azərbaycan mədəniyyəti” adlı məruzə ilə çıxış edərək göstərdi ki, Aprel çevrilişindən (27 aprel 1920) sonra avtoritar-totalitar rejim Azərbaycan cəmiyyətinə ağır zərbələr vursa da, XX əsrin 30-40-cı illərində Azərbaycan mədəniyyəti bir çox sahələrdə inkişaf etmiş, bu dövrdə mədəniyyət sovet ideologiyasında hökm sürən “sinfi mübarizə” prinsiplərinə tabe edilsə də Azərbaycanın yaradıcı ziyalıları bu illərdə yüksək dəyərli bədii əsərlər yaratmışdılar. Məruzəçi belə bir maraqlı məqamı da vurğuladı ki, bu illərdə opera sənətində Azərbaycan milli musiqisindən geniş istifadə edilməyə başlanmış, tanınmış bəstəkar R.M.Qliyer Azərbaycan folklorunun incilərindən olan "Aşıq Qərib" dastanı əsasında "Şahsənəm" operasını yazmış və bu əsərə görə R.Qliyer Azərbaycan SSR xalq artisti adına layiq görülmüşdü (F.1, siy.17, sax.vah.25, v.172).

  1. Tahirov çıxışında göstərilən xronoloji çərçivədə Azərbaycan professional musiqisinin formalaşması və inkişafını vurğulayaraq, muğam notları üzərində Azərbaycan opera janrını yaradan böyük sənətkar Ü.Hacıbəyovun “Koroğlu” operasının Opera və Balet Teatrında ilk dəfə tamaşaya qoyulduğunu və bu əsərin Ü. Hacıbəyov yaradıcılığının zirvəsi olduğunu seminar iştirakçılarının diqqətinə çatdırdı (F.1, siy.20, sax.vah.53, v.307). Məruzəçi XX əsrin 30-40-cı illərində Azərbaycan mədəniyyətinin çiçəklənməsində müstəsna əhəmiyyət kəsb edən hadisə kimi milli teatrın inkişafını göstərdi və S.Vurğunun “Vaqif”, M.F.Axundovun “Məstəli Şah”, “Hacı Qara”, M.İbrahimovun “Madrid”, “Həyat”, C.Cabbarlının “1905-ci il” əsərlərinin 1938-ci ildə M. Əzizbəyov adına Azərbaycan Dövlət Dram teatrında səhnəyə qoyulduğunu diqqətə çatdırdı ( F.1, siy.21, sax.vah.26, v.149). M. Tahirov məruzədə o dövrün faicəvi-qanlı illərini – XX əsrin repressiyalarını xatırladaraq, Azərbaycan xalqının mədəniyyət sahəsində verdiyi itkilərdən danışdı və bildirdi ki, XX əsrin 30-cu illərinin ortalarından başlayaraq xalqımızın bir çox mədəniyyət və incəsənət xadimləri təqiblərə məruz qalmış, repressiya qurbanı olmuşdular. Məruzəçi bu məqamla bağlı Arxivdə mühafizə olunan qiymətli bir sənədə diqqəti yönəldib qeyd etdi ki, Azərbaycan ədəbiyyatına unudulmaz əsərlər bəxş etmiş unudulmaz H. Cavid ölkədə yaranmış bu ağır vəziyyəti durdurmaq üçün 30 oktyabr 1936-cı ildə M.C.Bağırova məktubla da müraciət etmişdi (F.1, siy.19, sax.vah.41, v.165). Məruzənin sonunda M.Tahirov hər bir dövrün mədəniyyətini və incəsənətini elmi cəhətdən araşdırmaq üçün arxiv materiallarının ən etibarlı mənbə olduğunu vurğuladı.

Məruzələr seminar iştirakçıları tərəfindən maraqla qarşılandı və mövzularla bağlı fikir mübadiləsi aparıldı. Arxivin elmi katibi  – Həcər Verdiyeva məruzəçilərin faktiki sənədlərə əsaslanıb, dəyərli materiallardan istifadə etdiklərini göstərdi və “Azərbaycan həqiqətləri yeni rakursdan” layihəsinin məqsədinin qiymətli sənədlərin üzə çıxarılması və onların elmi dövriyyəyə salınması olduğunu vurğuladı. Seminar iştirakçıları   təqdim olunan məruzələrin  müzakirəsi zamanı  istifadə edilmiş Arxiv  sənədlərinin əhəmiyyətini xüsusi olaraq vurğuladılar.

Sonda məruzəçilər seminar iştirakçılarını maraqlandıran bir sıra sualları cavablandırdılar.

   1152 dəfə baxılıb