Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi sənədlər Arxivi “31 mart Azərbaycanlıların Soyqırımı günü”nə həsr olunmuş anım tədbirini keçirmişdir
A+   A-

XX əsrin əvvələrindən başlayaraq Cənubi Qafqaz megaregionunda erməni millətçilərinin azərbaycanlılara qarşı apardığı “etnik təmizləmə” və soyqırımı siyasəti nəticəsində xalqımız kütləvi qırğınlara məruz qalmış, tarixi torpaqlarından didərgin düşmüş, Azərbaycanın maddi-mədəni irsinə mənsub abidələri dağıdılıb viran edilmişdir. Ümummilli lider H. Əliyev 1998-ci il martın 26-da imzaladığı fərmanla “31 mart Azərbaycanlıların Soyqırımı günü”nü elan edərək, XX əsrin əvvəllərində erməni millətçilərinin azərbaycanlılara qarşı törətdikləri soyqırımı tarixi yaddaşlara həkk etdi.

2019-cu il martın 29-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi sənədlər Arxivində 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş anım tədbiri keçirildi. ARP İİ SSA-nin şöbələrinin keçirdiyi tədbirdə ilk növbədə erməni daşnakları tərəfindən qətlə yetirilmiş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, sonra Arxivin elmi katibi Həcər Verdiyeva XX əsrin əvvəllərində erməni millətçilərinin əfsanəvi “Böyük Ermənistan” ideyasını həyata keçirmək üçün dilindən, dinindən, cinsindən, irqindən, yaşından asılı olmayaraq, insanlığa qarşı törətdikləri soyqırımının dəhşətlərini auditoriyanın diqqətinə çatdırdı.

          Tədbirin davamında Arxiv fondunun uçotu, mühafizəsi və arxiv fondunun istifadəsi şöbəsinin keçirdiyi anım tədbirində şöbənin məsləhətçisi Nurlanə Muradova 1917-ci ilin fevralında Romanovlar Rusiyasında baş vermiş sosial-siyasi proseslərdən istifadə edən erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını həyata keçirmək üçün törətdikləri soyqırımdan danışdı. Məruzəçi həmçinin bildirdi ki, martın 30-dan aprelin 1-nə qədər davam edən bu soyqırım Bakı şəhəri ilə kifayətlənmədi, Azərbaycanın bütün bölgələrinə yayıldı. Arxiv sənədlərinə əsaslanaraq (ARP İİ SSA, f.11157, siy.5, s.v.20, vv.30-39) məruzəçi qeyd etdi ki, Qubada baş verən soyqırımda 18 mindən çox insan işgəncələrə məruz qalaraq qətlə yetirilmişdir.

Şöbənin digər əməkdaşı, məsləhətçi Sevda Həsənova araşdırdığı arxiv sənədlərinə (ARP İİ SSA,  f.277, siy.2, s.v.16, vv.10-16) istinadən Şamaxı hadisələrinin tariximizin qorxunc və faciəli səhifələrindən biri olduğunu bildirərək qeyd etdi ki, bütün dindirilən zərərçəkmiş müsəlmanların ifadələrindən məlum olur ki, erməni millətçiləri Şamaxını və Şamaxı qəzasının kəndlərini dağıtmış, bu zaman minlərlə müsəlman kişilərinə, qadınlarına və uşaqlarına əzab verərək öldürmüş, eyni zamanda mənəvi terrora əl ataraq bütün məscidləri və müqəddəs yerləri dağıtmışlar.

Elmi araşdırmalar və elmi kitabxana şöbəsinin əməkdaşı, məsləhətçi Sevinc Soltanova öz məruzəsində soydaşlarımızı qətlə yetirən erməni millətçilərinin riyakarlığını göstərmiş, tarixə qısa ekskurs edərək, XIX əsrin birinci otuzilliyində Azərbaycanın Rusiya və İran arasında bölünməsindən sonra ermənilərin kütləvi şəkildə ölkədə məskunlaşmasından, 1905 və 1918-ci illərdə erməni daşnaklarının azərbaycanlılara qarşı törətdiyi qırğınlardan, 1920-ci ilin dekabrın 1-də sovet Ermənistanına Zəngəzurun verilməsindən, daha sonra Qarabağın dağlıq hissəsində muxtar vilayətin yaradılmasından, 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR-dən deportasiyasından, ötən əsrin 80-ci illərinin sonunda erməni millətçilərinin apardığı “etnik təmizləmə” siyasəti nəticəsində İrəvan məkanından 200 min Azərbaycan türkünün qovulmasından, 1992-1994-cü illərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir milyona yaxın soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsindən, 1992-ci ilin fevralında törədilmiş, öz qəddarlığı və amansızlığına görə misli görünməmiş soyqırımı aktı olan Xocalı faciəsinin acı nəticələrindən bəhs etdi.

Növbəti məruzəçi, şöbənin məsləhətçisi Gövhər Namazova çıxış edərək bildirdi ki, 1918-ci ildə Bakı Kommunasının lideri S. Şaumyan daşnak dəstələrinin

gücü ilə on minlərlə azərbaycanlının qətlinə gətirib çıxaran soyqırımı törətmişdir.

Arxiv materiallarına istinad edən məruzəçi (ARP İİ SSA, f.277, siy.2, s.v.16, vv.15-19 ) bildirdi ki, erməni hərbi dəstələrinin Bakı və ətraf kəndlərində başladığı qırğınlar Azərbaycanın bir çox şəhər və bölgələrini əhatə etmiş, yaxşı silahlanmış və hərbi təlim görmüş erməni daşnakları Bakıda 15min günahsız azərbaycanlını qətlə yetirib, şəhərin böyük bir hissəsini xarabalığa çevirmişdilər.

Bərpa, cildlənmə və təsərrüfat şöbəsinin müdiri Saleh Əhmədov öz çıxışında erməni millətçilərinin zaman-zaman xalqımıza qarşı həyata keçirdiyi məkrli siyasətinə qarşı mübarizə aparmaq üçün tarixi yaddaşımızın qorunmasının, Azərbaycan həqiqətlərinin öyrənilməsinin vacibliyini vurğuladı. Çıxışının sonunda məruzəçi bildirdi ki, Azərbaycanın gündən-günə inkişaf etməsi, xalqımızın rifahının yaxşılaşması Ali Baş Komandanımızın müdrik siyasətinin nəticəsidir.

Tədbirin sonunda erməni vəhşiliklərini əks etdirən videoçarx təqdim edildi.

   875 dəfə baxılıb