“Azərbaycan həqiqətləri yeni rakursdan layihəsi”nin növbəti seminarı keçirildi
A+   A-

“Azərbaycan həqiqətləri yeni rakursdan layihəsi”nin növbəti seminarı keçirildi

2019-cu il martın 14-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi sənədlər Arxivində (ARP II SSA) “Azərbaycan həqiqətləri yeni rakursdan” layihəsi çərçivəsində Böyük Vətən müharibəsi mövzusunda seminar keçirildi. Seminarı açıq elan edən Arxivin direktoru Elmira Ələkbərova Böyük Vətən müharibəsi illərində Azərbaycan xalqının ön və arxa cəbhələrdə göstərdiyi igidlik və rəşadətindən danışaraq, 1941-1945-ci illərdə azərbaycanlı Sovet İttifaqı qəhrəmanı adına layiq görülmüş igid oğullardan, arxa cəbhədə dincəlmədən “Hər şey cəbhə üçün, hər şey qələbə üçün” şüarını əsas tutaraq, cəsur əsgərlərimizə yardım məqsədilə əllərindən gələni əsirgəməyən fədakar insanlardan, hərbi hospitallardakı yaralı döyüşçülərə göstərilən qayğıdan danışdı.

Seminarda  “Arxiv fondunun mühafizəsi, uçotu və arxiv fondunun istifadəsi” şöbəsinin baş məsləhətçisi Nərgiz Əsədullayeva Arxivimizin fondlarında şərh edilən  sənədlərə istinadən  “İkinci dünya müharibəsi dövründə azərbaycanlı Sovet İttifaqı qəhrəmanları” adlı məruzə  ilə çıxış etdi. Vətənin azadlığı və istiqlaliyyəti uğrunda rəşadətlə döyüşən xalqımızın  qəhrəman oğulları haqqında məlumat verən məruzəçi auditoriyanın diqqətini iki dəfə Sovet İttifaqı qəhrəmanı adına layiq görülmüş Həzi Aslanovun  döyüşlərdə göstərdiyi şücaətə yönəldərək, onun hərbi təşkilatçılıq qabiliyyətindən bəhs etdi və cəsur tankçının  “Qırmızı Ulduz” ordeni, SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə II dərəcəli Suvorov ordeni (f.1,s.№30,s/v-167) ilə təltif olunması haqqında məlumat verdi. Arxiv sənədlərinə əsaslanan N.Əsədullayeva onu da qeyd etdi ki, Böyük Vətən müharibəsi cəbhələrində göstərdiyi şəxsi igidlik və rəşadətə görə H.Aslanov Sovet İttifaqı Qəhrəmanı fəxri adı ilə yanaşı 9 orden və 4 medalla təltif olunmuşdu. (f.1,s.№30,s/v-167). Arxiv sənədlərinə əsaslanan məruzəçi seminar iştirakçılarına  sovet ordusu sıralarında döyüşən  xalqımızın qəhrəman oğulları - İsrafil Məmmədov, Mehdi Hüseynzadənin keçdikləri döyüş yolu haqda geniş məlumat verdi. ARP İİ SSA-nın fondlarında (f.1,s.№29,s/v.672; f.1,s.№26,s/v-339) mühafizə olunan sənədlərə əsaslanan məruzəçi xalqımızın qorxmaz, mərd oğlu İsrafil Məmmədovun rəşadətindən danışaraq, onu da qeyd etdi ki, döyüşlərdə göstərdiyi igidliyi və cəsarəti ilə faşistləri  sarsıtmış İsrafil Məmmədov SSRİ Ali Soveti Rəyasət Heyətinin 11 dekabr 1941-ci il tarixli Fərmanı ilə (f.1,s.№30,s/v-299) yüksək fəxri ada − Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü.

     

          Məruzəçi Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin qəhrəmanlığını göstərən sübutları − ARP İİ SSA-də mühafizə olunan faktiki materiallarda verilmiş xatirələri,  foto-şəkilləri də auditoriyanın diqqətinə çatdırdı. N.Əsədullayeva Mehdi Hüseynzadənin Avropa antifaşist hərəkatında “Mixaylo” ləqəbi ilə cəsur partizan kimi tanınmasından, faşistlərlə mübarizəsindən, 1944-cü ildə çox çətin şəraitdə həyata keçirdiyi  əməliyyat nəticəsində yüzlərlə hitlerçinin kazinoda məhv edilməsindən danışdı   (f.1,s.№-43,s/v 402) .

          

“Böyük Vətən müharibəsi illərində Azərbaycan mədəniyyəti” adlı məruzə ilə çıxış edən “Arxiv fondunun mühafizəsi, uçotu və arxiv fondunun istifadəsi” şöbəsinin məsləhətçisi Sevda Həsənova qeyd etdi ki, müharibə illərində Azərbaycan mədəniyyəti  nümayəndələri nəinki arxa cəbhədə, o cümlədən ön cəbhədə − Qafqaz cəbhəsində döyüşən əsgər və zabitlərin qarşısında çıxış etmiş, onların döyüş əhval−ruhiyyəsinin yüksəlməsinə öz tövhələrini vermişlər. Məruzəçi onu da vurğuladı ki, Azərbaycan  mədəniyyət və incəsənət nümayəndələri Böyük Vətən müharibəsinin başladığı dövrdən etibarən İran ərazisində yerləşmiş sovet döyüşçüləri qarşısında çıxış etmişlər (f.1,s.№27,s/v177; f.1,s.№29,s/v228). Eyni zamanda S.Həsənova  bildirdi ki, müharibə dövründə cəbhədə vuruşan döyüşçulər arasında antifaşist təbliğatı gücləndirmək məqsədilə Azərbaycan milli diviziyalarının hər birinə 5.000 nüsxə kitab olan 5 kitabxana verilmişdi (f.1,s.№27,s/v177). Məruzəçi onu da qeyd etdi ki, müharibə illərində Ü.Hacıbəyov, S.Vurğun, M.Topçubaşov, S.Rüstəm, Mir Cəlal və Azərbaycanın başqa  tanınmış şair, yazıçı və bəstəkarları xalqımızı bu ölüm-dirim müharibəsində mübarizəyə səsləmiş və sovet döyüşçülərini rəşadətə, qəhrəmanlığa çağıran əsərlər qələmə almışlar.

             

          Məruzəçi ARP İİ SSA-nin fondlarında mühafizə olunan sənədlərə əsaslanaraq, onu da vurğuladı ki, müharibənin ən ağır dövründə Azərbaycanın dahi şairi Nizami Gəncəvinin anadan olmasının 800 illik yubileyi müharibənin çətinliklərinə baxmayaraq Kirovabadda və Leninqradda təntənəli şəkildə keçirilmişdi. (f.1,s.№26,s/v132).

Məruzələr seminar iştirakçıları tərəfindən maraqla qarşılandı və mövzularla bağlı fikir mübadiləsi aparıldı. Arxivin direktoru Elmira Ələkbərova “Azərbaycan həqiqətləri yeni rakursdan” adlı layihənin ARP İİ SSA-də mühafizə olunan sənədlərin üzə çıxarılmasındakı əhəmiyyətini, bu mövzuların aktuallığını vurğulayaraq, məruzələrin təqdirəlayiq olduğunu bildirdi. Sonra Siyasi sənədlər Arxivinin elmi katibi Həcər Verdiyeva məruzəçilərin geniş faktoloji bazadan istifadə etdiklərindən, bu mövzuların xalqımızın vətənpərvərlik əhvali-ruhiyyəsinin yüksəlməsinə olan təsirindən danışdı.Sonda məruzəçilər seminar iştirakçılarını maraqlandıran bir sıra  sualları cavablandırdılar.

   361 dəfə baxılıb