MÜSTƏQİLLİK İLLƏRİNDƏ ÇİÇƏKLƏNƏN AZƏRBAYCAN
A+   A-

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində doğma Vətəni ilə qürur duyan, onun müstəqilliyinin əbədi, vətəndaşlarının çiçəklənən dövlətdə firavan yaşamasını həyat və fəaliyyətinin əsas mənası hesab edən ulu öndərin anadan olmasının 94-cü il dönümünə həsr olunmuş sərgi açılmışdır.

Açılış tədbirində Respublikamızın ictimai-siyasi həyatında fəal rol oynayan tanınmış şəxslər, ziyalılar, ictimaiyyətin nümayəndələri və Arxivin əməkdaşları iştirak edirdi.

Arxivin direktoru, tarix elmləri namizədi Mais Bağırov tədbiri açaraq bildirdi ki, hər il aprel ayının sonu, may ayıının əvvəllərində ulu öndərin anadan olmasının ildönümünü xüsusi qeyd etmək müstəqil Azərbaycanın ən xoş ənənələrindən birinə çevrilmişdir. “Müstəqillik illərində çiçəklənən Azərbaycan” devizi ilə tərtib olunmuş bu ilki sərgi kollektivimizin ümumi səyi ilə işlənib hazırlanmışdır. Onun kompozisiyası möhtəşəm şəxsiyyət kimi milyonlarla insanın rəğbətini qazanmış dahi rəhbərin həyat və fəaliyyətinin müxtəlif mərhələləri üzrə formalaşdırılsa da, ideya və məzmunu məhz görkəmli dövlət xadimi Heydər Əliyevin hazırladığı dövlətçiliyin inkişaf strategiyasının müxtəlif istiqamətlərinin və dövrlərinin əyani təqdimi üzərində qurulmuşdur. Sərginin materialları üzərində işləyərkən çalışmışıq ki, dahi rəhbərin Vətənimiz Azərbaycana məhəbbətinin miqyasını orijinal forma və məzmunda ifadə etdirək. Burada nümayiş etdirilən hər bir stendin ilk növbədə fərqli formatda, yeni materiallar əsasında  təqdiminə xüsusi diqqət yetirmişik.

Təntənəli açılışdan sonra tədbir iştirakçıları ulu öndərin büstü önünə tər çiçəklər düzdülər və böyük mütəşəkkilliklə sərgi ilə tanışlıq başladı.  

Arxivin direktoru hər bir stend barədə sərginin tamaşaçılarına məlumat verdi. “Müstəqillik illərində çiçəklənən Azərbaycan”, “Heydər Əliyev strategiyası müstəqilliyimizin təmin olunması üçün zəmindir”, “Vətənə məhəbbət ailədən başlayır”, “Heydər Əliyevin mədəniyyət xadimlərinə qayğısı bu gün də uğurla davam edir”, “Heydər Əliyevin uşaqlara, gənclərə və idmançılara daimi qayğısı”, “Vətənimiz Azərbaycan sülh istəyir”, “Yeni əsrin yeni lideri”, “Heydər Əliyev Fondu milli-mənəvi dəyərlərimizin hamisidir”, “Müdrik atanın layiqli davamçısı”, “Regionların inkişafı Heydər Əliyev strategiyasının davamıdır”, “Müstəqillik illərində Naxçıvanın uğurları”, “Prezidentimizin arxivimizə qayğısına işimizlə cavab verək”, “1969 – 2003. Tikdim ki izim qala” başlıqları ilə tərtib olunmuş stendlərdə “rəqəmlər, fotolar, faktlar” amilinin vəhdəti əsasında sərginin məqsəd və vəzifəsinin ifadəsinə nail olunmuşdur.

Sərgidə görkəmli oftalmoloq Zərifə xanım Əliyevaya həsr olunmuş stendlər, o cümlədən “Göz həkimi – nur həkimi” stendi tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdı..

 Stendlərin başlıqlarından da göründüyü kimi, görkəmli dövlət xadimi Heydər Əliyevin fəaliyyəti, Vətənin hərtərəfli inkişafı yolunda həyata keçirdiyi işlər çoxşaxəlidir. Onun müdrikcəsinə işləyib hazırladığı dövlətçilik tələbləri əsasında ölkədə aparılan iqtisadi islahatlar, regionların dinamik inkişafı, quruculuq və abadlıq işləri, elm və mədəniyyətə, sahibkatlığa dövlət qayğısı, Azərbaycan kəndinin məişət qayğılarının, nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, ölkədə məktəb, xəstəxana, mədəni-məişət, idman obyektlərinin, turizm bazalarının, ordu quruculuğunun böyük vüsət alması vətəndaşımızın təhlükəsizliyi və xoş həyat yaşaması naminə görülmüş və görülməkdədir. Bütün bu mövzular sərginin ayrı-ayrı stendlərində, uğurlu kompozisiyalarda öz ifadəsini tapmışdır.

Ümumiyyətlə, tələbkarlıq və zövqlə təşkil olunmuş sərgidə ulu öndər Heydər Əliyevin mənalı ömür yolunun nümunəsində xalqımızın keçmiş və müasir tarixini xatirələrdə canlandırmaq mümkündür.

Tədbir iştirakçıları bu sərgini ümummilli lider Heydər Əliyevə olan vətəndaş məhəbbətinin təzahürü kimi qiymətləndirdilər.

Stendlərdə yığcam məlumatlar, statistik rəqəmlər, görkəmli şəxsiyyət Heydər Əliyevin Azərbaycan haqqında müdrik fikirlərindən ceçmələr də öz əksini tapmışdır.

Arxivin konfrans zalında tədbir iştirakçıları üçün ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Əbədiyyət” silsiləsindən Azərbaycanda ordu quruculuğuna aid sənədli film nümayiş etdirildi.

Arxiv işçilərinin ulu öndərə olan xüsusi hörməti əsasında hazırlanmış bu sərgi bir neçə ay davam edəcəkdir.

   1644 dəfə baxılıb