Səhnəmizin prima balerinası - Qəmər Almaszadə
2015-ci il martın 10-da ilk Azərbaycan balerinası, ilk qadın baletmeysterı Qəmər Almaszadənin 100 yaşı tamam oldu. Azərbaycan mədəniyyətində əvəzedilməz yeri olan, Azərbaycanı bütün dünyada tanıdan birinci Şərq qadın professional balerinanın ad günü təntənəli şəkildə ölkəmizdə qeyd edilir. Bu yüksək səviyyəli tədbirlərə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Qəmər Hacıağa qızı Almaszadənin 100 illik yubileyinin keçirilməsi haqqında” 4 fevral 2015-ci il tarixli Sərəncamı təkan verdi.
Arxivimizin zənqin fondlarında Qəmər xanım Almaszadənin həyat və fəaliyyətı ilə bağlı marağlı sənədlər qorunub saxlanılır. Onlardan birində Qəmər xanımın vaxtı ilə həyat yoldaşı olan bəstəkar Əfrasiyab Bədəlbəylinin Leninqraddan 20 may 1937-ci ildə Mir Cəfər Bağırova yazılan məktubudur (f.1,s.88,s/v.90). Məktubda Ə.Bədəlbəyli yazır ki, o, çox xoşbəxtdir ki, 1934-cü ilin payızında onun və həyat yoldaşı Qəmər Almaszadənin təhsil almaq üçün ezamiyyətə göndərmək barədə müraciyyətlərini nəzərsiz qoymayan M.C.Bağırov öz şəxsi göstərişi ilə onları Leninqrada göndərib. Qəmər xanım Almaszadə həmin illərdə müvəfəqiyyətlə Leninqrad xoreoqrafik məktəbini bitirərək M.F.Axundov adına Azərbaycan Dövlət opera və balet teatrının prima-balerinası və eyni zamanda gənc olduğuna baxmayaraq Azərbaycan Dövlət xalq rəqsləri ansamblına bədiyi rəhbərlik edirdi. Leninqradda oxuduğu zaman Qəmər xanımın müəllimi, dahi rus balerinası Qalina Ulanovanın anası M.F.Romanova olub.
Əfrasiyab Bədəlbəyli isə Leninqrad Dövlət Konservatoriyasının Musiqi Məktəbinin bəstəkarlıq şöbəsində oxuyaraq ilk Azərbaycan baletini yazmaq tapşırığını almışdı. Balet üçün yazılan musiqini dinləyən Leninqrad Dövlət Konservatoriyasının professorları birinci dəfədən ona müsbət rəy verərək, qeyd edirdilər ki, bu emosional zənqinli və texniki cəhətdən yetişmiş cox maraqlı bir əsərdir.
Tələbəlik illərində bəstələnən musiqi əsasında Əfrasiyab Bədəlbəylinin ilk Azərbaycan, ümumiyytlə ilk Şərq, baleti “Qız qalası” 1940-ci ildə səhnədə qoyuldu və baş rolu - Qülyanağın obrazını, məhz, Qəmər Almaszadə yaratdı. 1948-ci ildə Qəmər xanımın yeni xoreoqrafik redaksiyasında bu əsər səhnədə bərpa olundu.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin
Arxiv fondunun mühafizə şöbəsinin müdiri Ellazova L.R.